10 Feb 2017 13:56 http://xitab.az/xeberler/oxu
Bu gün dünya şöhrətli alimimiz professor Rafiq Əliyevin 75 yaşı tamam olar. Bu münasibətlə, şair Rəfail Tağızadənin görkəmli alim haqqında yazısını təqdim edirik.
Dünyaya gəlmək insanın istəyi ilə, seçimi ilə olmur. Məkan, zaman, səni seçənlər səni seçir. Bu insanların içərisində xüsusi dəvətlilər, sifarişlilər də var. Dünya elminə nəzəriyyələr verən, Azərbaycan elmini dünyada tanıdan, dünyanın nüfuzlu universitetlərində dərs deyən, seçilmiş professor Rafiq Əliyev belə nadir dəvətlilərdəndir.
Onun haqqında danışarkən, yazarkən xüsusiləri qeyd etməkdə adam çətinlik çəkir. Mütləq nələrisə unudacağını düşünür. Çoxluqlar içərisində seçim etmək həqiqətən çətindir.
Rafiq müəllim insanlıq etalonudur. Davranışıyla. Nümunəsiylə. Hər şeydə yaxşını görmək istəyiylə. Xalqına, millətinə, vətəninə, dövlətinə sevgisiylə. Işığıyla ətrafını işıqlandırmaq gücüylə. Əzmiylə. Prinsipallığı ilə.
Olduqca pozitivdir. Onunla bir yerdə olanda, söhbətləşəndə saflaşırsan. Durulursan.
Rafiq müəllim sadəlikdə böyüklüyü, saflığı, vətəni, torpağı, yurd sevgisini, dostları, tələbələri sevməyi öyrədir.
Bir ziyalı olaraq xalqın ən ağrılı məqamında onun yanında, önündə olur. Fikirlərini bölüşür. Mövqeyini bildirir. Yol göstərir.
Rafiq müəllim mənəviyyat adamıdır. Əxlaq nümunəsidir.
Aldığı bütün titullarda, adlarda Azərbaycanın adının yazıldığını görəndə fərəh hissi keirir. Millətinə, xalqına, dövlətinə daima şərəf gətirir.
Onu sevənlər arasında düşərgə yoxlur. O çoxdan çoxluğun qəbul etdiyi, sevdiyi adamdır.
Bütün müsbət keyfiyyətlər onda bütövlük, tamlıq yaradır.
Biz çox xoşbəxtik ki, Rafiq Əliyevlə bir zamanı bölüşürük. Bir ölkədə yaşayırıq.
Dəyərini zaman verəcək böyük İnsana, böyük Alimə və özünü ən siravi üzvü saydığı Azərbaycan sevgili vətəndaşa, vətəninə, yurduna bağlı olan Rafiq müəllimə Ağdamın aeroportunda təyyarədən enib Qarqardan doğma Novruzluya, oradan da Şuşaya qalxmağı arzulayıram.
Uğurları, nailiyyətləri ilə bizi bundan sonra da sevindirsin.
75 yaşınız mübarək, Böyük İnsan. Böyük Rafiq Əliyev.