http://moderator.az/news/168252.html
Uşaqlıq illərində, kəndimizdəki camaatdan tez-tez eşitdiyim bir söz vardı: – filan kənddən heç nə gözləmə, o kəndin ağsaqqalı yoxdu! Yaşım artdıqca, həyat təcrübəsi qazandıqca, sosiologiya, sosial psixologiya elminin dərinliklərinə vardıqca bu fikrin dəyərini daha dərindən anlamağa başladım. Sosial psixologiya sahəsində onlarla ciddi alimlərin də əsaslandırdığı kimi, elə öz müşahidələrimin də nəticəsi olaraq deyə bilərəm ki, hər bir sosial sistemdə hər zaman insanların böyük əksəriyyətinin davranışına həmin sistemdəki lider insanların davranışı mühüm təsir edir. Hər hansı bir sosial sistemdə nümunəvi insanlar olduqda onların davranışları, fəaliyyətləri həmin sosial sistemdə bir nizamın, ahəngin yaranmasına xidmət edir. Elə bizim kənd camaatının o vədə dedikləri də bu idi. Yəni o kənddə ki, ağsaqqal (ağıllı, insanların lider kimi gördüyü) insanlar yoxdur, oradan elə bir nizam, ağlabatan fəaliyyət də gözləmə! Vəzifələrindən, sərvətlərindən asılı olmayaraq, belə insanların varlığı sanki gözə görünməz bir enerji mənbəyidir. Bu psixoloji, mənəvi enerji mənbəyi daima insanların qəlbini qızındırır, onlarda öz xalqına məhəbbəti, sabaha ümidi artırır. Belə insanlar, L. Qumelyovun təbirincə desək passionar enerjiyə malikdir və öz ətraflarına pozitiv enerji paylayırlar. İslam alimlərinin dediyi ki, elə insanların cəzbetmə qüvəsi böyük olur. O cəmiyyət daha arzu olunan cəmiyyətdir ki, orada belə insanlar çox olur. İndiki dövrdə xalqımızın belə gözəl övladlarından biri də müasir dünya elmində mühüm nüfuza malik, ciddi söz sahibi olan, şöhrətli alimimiz professor Rafiq Əliyevdir.
Ziyalı insan öz ətrafına müdriklik, haqq, ədalət nuru – ziyası yayan insanlardır. Bu mənada, xalqımızın əksəriyyətinin tanıdığı, qürur duyduğu Rafiq müəllim bizim böyük ziyalılarımızdan biridir. Mən onu otuz ildən artıqdır ki, yaxından tanıyıram. Demək olar ki, daima elmi sahədə təmasda olmuşuq. Tanışlığımızdan əvvəl də onun haqqında qiyabi olaraq ciddi bir alim, gənc rektor, ədalətli, rüşvətə qarşı mübarizə aparan insan kimi xeyli müsbət fikirlər eşitmişdim.
Rafiq müəllimlə yaxından tanışlığımızda ilk söhbətimiz yadımdadır. O həmin zaman Mərkəzi Komitədə Şöbə müdiri idi. Ölkədə idarə etmənin elmi təminat sistemlərini yaratmaq üçün geniş fəaliyyətə başlamışdı. O zaman ölkədə kompüterlə təmasda olan insanlar, məmurlar çox az idi. İdarəetmədə kompüterin imkanlarından istifadə etmək üçün böyük bir kompüterləşmə proqramını həyata keçirirdi. Ona görə də Rafiq müəllim, bu sahədə biliyi, təcrübəsi olan bütün mütəxəssisləri soraqlaşıb bir-bir tapır və onları dəvət edib söhbət edir, ağlı kəsənləri bu işə cəlb edirdi. Belə mütəxəssislərin biri də mən idim. İlk, geniş söhbətimizdən qarşımda olduqca ağıllı, məntiqli, mənəviyyatlı bir insanın, ciddi alimin olduğunu duydum. Mən ona siyasətdən uzaq olduğumu, yalnız elmlə məşğul olmaq istədiyimi dedim. Söhbətimizdən anladım ki, vəzifəsindən asılı olmayaraq heç onu da siyasi məsələlər elə də maraqlandırmır. Hər bir ziyalı kimi, Qarabağ probleminin həlli üçün əlindən gələni etmək istəsə də əsas fikri idarəetmə sistemlərinin elmi əsaslarla qurulması məsələlərinin yanında idi. Mənə də sosial sahələrdə komüterin imkanlarından geniş istifadə etməklə idarəetmə sistemlərinin yaradılması işini həvalə etdi. Bu sistemlərin yaradılması mədəniyyət sahəsində, təhsildə, elmdə, səhiyyədə, sosial müdafiədə və digər sosial sahələrdə elmi əsaslarla islahatların aparılmasına, səmərəli idarə etməyə kömək edəcəkdi. Rafiq müəllimin mənə ən yaddaqalan yaxşılıqlarından biri də məni dünya şöhrətli alimimiz mərhum Azad Mirzəcənizadə ilə yaxından tanış etməsi olub. Mərkəzi Komitədəki fəaliyyətindən sonra Azad müəllimlə birgə işlədiyi elmi layihələrə məni də cəlb etmişdi.
Indi Rafiq müəllim beynəlxalq aləmdə geniş tanınan böyük bir alimdir. Ölkəmizin fəxridir. Beş dili sərbəst bilir və öz məqalə və kitablarını bu dillərdə yazır. O, elmin ən müasir sahəsi – informasiya texnologiyaları üzrə mütəxəssisdir. İndiki dövr kompüter dövrüdür. Kompüterin yaranması ilə yer üzünün inkişafı böyük bir təcil aldı, xeyli sürətləndi. Dahi Lütfi Zadənin 1965 – ci ildə qeyri-səlis məntiqlə bağlı nəşr olunan məqaləsi, ortaya qoyduğu ideyalar kömpüterin imkanlarını xeyli genişləndirdi. XIV əsrdən başlayaraq indiki vaxta qədər elmin inkişının əsas prinsiplərini diqtə edən qərb düşüncəsi bu müddət ərzində ancaq rasional düşüncəyə üstünlük vermiş, bütün problemlərin həllinə ancaq rasional mövqedən yanaşmışdır. Lütfi Zadənin genlərindən, ruhundan boy verən şərq müdrikliyi rasionalizm qəliblərinə sığa bilmədi. Elmi araşdırmaları daha da məzmunlu etmək üçün rasional olmayan amilləri də araşdırmaya cəlb etməyin zəruri olduğunu duyan Lütfi Zadə müasir elmi düşüncədə inqilab elədi. Bu zərurəti həyata keçirmək üçün ortaya yeni məntiq, yeni riyazi sistem qoydu. Elmin inkişafında möhtəşəm, yeni bir istiqamət yarandı. Bu istiqamət tarixi inkişafın tələblərindən yaranıb. Bu da təbiidir ki, Lütfi Zadə ideyalarını daha əvvəl şərqlilər – yaponlar və digər şərq ölkələri qiymətləndirdi. O da təbiidir ki, o ideyaları həm də daha erkən qiymətləndirən elm adamlarından biri də məhz azərbaycanlı Rafiq Əliyev oldu. İndi Rafiq müəllim kompüter texnikasında, onun tədbiqi sahələrində, tədbiqi riyaziyyatda, sistem nəzəriyyəsində inqilabi yeniliklər edən bu möhtəşəm elm sahəsinin ən aparıcı liderlərindən biri, və yəqin ki, baş drijorudur. İndi onun rəhbərliyi altında dünyanın bir çox ölkələrində qeyri səlis məntiqlə bağlı xeyli sayda beynəlxalq tədbirlər keçirilir. Bu sahədə ciddi nüfuz, söz sahibi olaraq müxtəlif davamlı nəşrlərə rəhbərlik edir. Azərbaycanda və dünyanın ən aparıcı ölkələrində çıxan 350 yə qədər ciddi elmi məqalənin müəllifidir. İndiyə qədər 72 kitabı nəşr olunub ki, onlardan da 35 – i Amerikada, Avropada və digər ölkələrində işıq üzü görüb. Söhbət təkcə kitabların çap olunmasından getmir. Bu kitablar, onun məqalələri bir çox ölkələrdə necə deyərlər fəaliyyətdədir, hərəkətə keçmişlər. Kosmik, hərbi sənayedən tutmuş adi məişət texnikalarına qədər tətbiq olunan elmi ideyalar Cin, Rusiya, Amerika, Almaniya və s. kimi ölkələrə milyonlar, milyardlarla gəlir gətirir. Artıq onun kitabları başqa dillərə tərcümə olunub yayılır. İndi internetdə axtarış versək qərar qəbul etmə sahəsində bütün dünya üzrə beş mühüm kitabdan birincisi Rafiq müəllimin kitabıdır.
Rafiq müəllim öz davranışı, əxlaqı, təmkini, çalışqanlığı, savadı ilə bizim nümunəvi, böyük ziyalılarımızdan biridir. Onunla təmasda olan hər bir düzgün insan bu böyüklüyü, ondan gələn gözəl enerjini dərhal hiss edir. Ona görə də bütün tələbələri, aspirantları, dostları onu səmimi, təmənnasız olaraq çox istəyir, hörmətini saxlayır. O xeyli gəncin kumiridir. Həmin gənclərin elm yolunda daha əzmlə çalışmalarında Rafiq müəllim kimi nümunəvi bir insana olan sevgi də mühüm rol oynayır.
Bütün tarix göstərir ki, əsil ziyalılar hər zaman bütün yer üzünün gələcəyinin qayğısına qalmaqla həm də öz xalqlarını, vətənlərini çox sevirlər. Belə insanlar xalqın hər bir övladını öz övladları hesab edir, onlara hər çür qayğı göstərirlər. Çünki, onlar gözəl bilirlər ki, xalqın hər bir istedadlı, qabiliyyətli gəncinə kömək etmək elə öz xalqına kömək etməkdir. Onların kömək etdiyi gənc bir kamil mütəxəssi kimi yetişdikcə, bu xalqın qüdrətinin, əzmin artmasına kömək edəcəkdir. Bu sahədə də Rafiq müəllimin fəaliyyətdi olduqca genişdir. O uzun illər ali məktəbdə, dərs otaqlarında yuksək səvviyyəli- dünyanın ən aparıcı universitetləri səviyyəsində mühazirələr oxumaqla yanaşı yüzlərcə istedadlı tələbəni başqa ölkələrə oxumağa göndərməyə də kömək etmişdir. Həyata keçirdiyi xüsusi layihələr hesabına, təmənnasız olaraq dünyanın ən qabaqcıl ölkələrinə oxumağa göndərilmiş 300 – ə qədər həmin gənclər indi ölkəmizdə, yer üzünün müxtəlif yerlrində elmdə, istehsalatda aparıcı mütəxəssislər olmuşlar və vətənimizə baş ucalığı gətirir, ölkəmizin nüfuzunu qaldırırlar.
Rafiq müəllim heç zaman siyasətlə məşğul olmayıb və siyasətdən uzaq adamdır. Onun Allah qarşısında məqamı başqadır. O bizim böyük alimizdir və bir alim kimi Azərbaycana verdiyi və verəcəyi fayda daha çoxdur. Özü də dəfələrlə müsahibələrində dediyi kimi, onun həyat devizi hər zaman kiminsə yanında olmaq yox, lider olmaqdır. O elm aləmində ölkəmizdə öz sahəsində lider bir alimdir. Siyasətlə məşğul olanda isə kiminsə yanında olmalıdır. Onun əleyhidarları hərdən onun bir vaxtlar Ə. Vəzirovun vaxtında Mərkəzi Komitədə Şöbə müdiri işlədiyini yada salırlar. Həmin adamlar bu məsələyə neqativ tərəfdən yanaşıb onun adının üstə kölgə salmağa üstünlük verirlər. Amma o vaxtlar onun fəaliyyəti ilə yaxından tanış olanlar bilir ki, yaxşı ki, o zaman Mərkəzi Komitə də həm də Rafiq müəllim işləyib. Onun orada olması, neçə insanın taleyini qan-qadadan xilas edib, güçü çata bilən bir çox məsələlərdə xalqın mənafeyinin qorunmasına xidmət edib. Əgər həmin vədə Rafiq müəllim hansısa xoşagəlməz bir addım atsaydı, o zaman bütün müxalifət mətbuatı bunu yazardı. Müxailəfət liderləri ilə Rafiq müəllim arasında bir gərginlik olardı, onlar sonradan Rafiq müəllimə sayğı duymazdı, onunla dostluğa can atmazdı.
Rafiq müəllim eyni zamanda nümunəvi bir ailə başçısıdır. Rəhmətlik həyat yoldaşı Aidə xanımla saf bir məhəbbət əsasında ailə qurmuşdu. Ömrü boyu bu saf hisslərə nə dərəcədə sadaqətli olduğu onun əxlaqında, davranışında da öz əksini tapmışdır. Ailədəki uşaqlar ülvi məhəbbətdən doğulanda bu onların bir ahəng içində gözəl bir şəxsiyyət kimi formalaşmasına ciddi təsir edir. Rafiq müəllimin də bir oğlu və iki qızı öz valideynlərinə layiq olaraq boya başa çatmışlar. Hər üçü atalarını yolunu davam etdirirlər. Oğlu Rəşad Əliyev də indi dünyada tanınmış alimlərdən biridir. Kiprdə, Orta Doğu Universitetində professordur.
Rafiq müəllimin mənəvi övladları daha çoxdur. Onlar Rafiq müəllimin təmmənnasız olaraq müasir dünyanın tələblərinə uyğun şəkildə bilik verdiyi tələbələri, aspirantlarıdır. İndiyə qədər onun elmi rəhbərliyi altında 160- a qədər insan disetrasiya müdafiə edib elmi dərəcə almışdır. Onlardan 35 nəfəri elmlər doktorudur. Nəinki Azərbaycanda, bəlkə də yer üzündə az-az alim olar ki, bu qədər alim yetirmiş olsun. Həm də Rafiq müəllim, üzdən iraq, qondarma alimlərini hazırlamayıb, əsil alim hazırlayıb. Beynəlxalq səviyyəli bir alim olan Rafiq müəllim dünyanın hər tərəfində aspirantları var. Təkcə elə Amerikadakı aspirantalrının sayı 10 – a yaxındır. Onun yetirmələrinin çoxu indi ölkəmizdə də müxtəlif sahələrdə çalışırlar. Təkcə Sumqayıtda Rafiq müəllimin rəhbərliyi altında 10 nəfər disertasiya müdafiə edib elmlər doktoru adı almış alimimiz var. Onun hazırladığı kadrlar təkcə elm sahəsində deyil, eyni zamanda təhsil sistemində, istehsalatda uğurla çalışırlar. Onların hər birinin qəlbində eyni zamanda Rafiq müəllimin nuru, fəaliyyətlərində Rafiq müəllimin dəst-xətti, əzmi var. Onlara misal olaraq bir neçəsinin adını çəkmək istərdim. Aspirantlarından biri Niyaz Abdikiyev indi Moskvada məşhur Plexanov adına İnstitun prorektorudur. Başqa bir aspirantı indi Kanadada ən aparıcı üniversitetlərdən birində kafedra müdiridir. Başqa bir aspirantı İ. Aşurbəyli indi Rusiyada hərbi sənayenin ən ciddi mütəxəssislərindən, təşkilatşılarından biridir.
Rafiq müəllim xarici ölkələrdə bir neçə universitetin – Amerikada Corcia Universitetinin, Almaniyada Ziqen Universitetinin, Kiprdə Yaxın Doğu Universitetinin, İranda Təbriz Universitetinin professorudur. Ötən ilin iyun ayında Türkiyədə, 40 minə yaxın tələbəsi, 12 xəstəxanası olan nəhəng Medipol Universitetində “Zadə-Əliyev qeyri-səlis məntiq Mərkəzi” -nin açılışı olub. Bu Mərkəzdə qeyri səlis məntiqin kommunikasiya texnologiyalarında, təbabətdə, biologiyada, təhsildə, iqtisadiyyatda, qərar qəbul etmə sahəsində və s. başqa sahələrdə tətbiqi ilə araşdırmalar aparılmağa başlanıb. Kiprdə də Yeni “Zadə-Əliyev Elmi araşdırma Mərkəzi” yaradılmışdır. Qeyri-səlis məntiqin müasir həyatın, get-gedə mürəkkəbləşməkdə olan cəmiyyətin öyrənilməsi, burada baş verən müxtəlif proseslərin idarə olunmasında olduqca mühüm, araşdırma imkanları yaratdığından, yəqin ki, belə mərkəzlər yaxın onilliklərdə dünyanın bir çox ölkələrində də yaradılacaqdır.
Mənim üçün Rafiq müəllimlə söhbət etmək xüsusi zövq verir. Olduqca sadə, diqqətli bu insanla söhbət edəndə adam sanki elm aləmin göylərində olur. Həyatda çox nadir hallarda elə həmsöhbətə rast gəlmək olar ki, o sən dediyin sözlərə bu qədər əhəmiyyət verir, diqqət göstərir və dərindən düşünərək bu qədər səmimi cavab verir.
Bu yaxınlarda mən ona bir neçə sual verdim. Təbii ki, verdiyim sualların hər biri barədə mənim öz fikirlərim, verə biləcəyim cavablar da vardı. Amma bu sualara cavabı həm də müasir dünya elminin ön xəttində olan, müasir elm aləmində nələr baş verdiyini daha dərindən bilən dövrümüzün tanınmış alimindən eşitmək özüm üçün də çox maraqlı idi. Söhbətimizin bir hissəsini təqdim edirəm:
– Dünyanın hər tərəfində uğurla fəaliyyət göstərən tələbələriniz, aspirantlarınız, yetirmələrinizlə əlaqələriniz varmı?
Təbii ki, var. Onlarla vaxtaşırı yazışırıq, bəziləri ilə birgə araşdırmalar aparırıq. Hal-əhval tuturuq.
– Indi yer üzündə elmdə nə baş verir, hansı proselər gedir?
– Son əlli, yetmiş ildə elmdə olan inqilablar nəticəsində əldə edilənlər bundan əvvəlki dövrlərdə elmin potensialı qədərdir. Indi isə başqa bir inqilabın astanasındayıq. Intellektual sistemlər, maşınlar, hər şeyin intellektuallaşdırılmasına yönəlib. İndi böyük sürətlə smart – ağıllı texnikalar yaradılır. İndi elmin imkanları elədir ki, cərrah amerikada oturub, uzaq ölkələrdə əməliyyat aparır. Həyat daha çox virtuallaşır. Bəzi statistikalara görə indi yer üzünün əhalisinin otuz beş faiz virtual həyatla yaşayır. Amerikida, mənim fəaliyyət göstərdiyim Corcia universiteti Koka kola Şirkətindən əlli metr aralıdır. Bu şirkətin xüsusi salonlarında əlinə əlcək geyib, gözünə eynək qoymaqla qeyri-adi virtual aləmə daxil olmaq olar. Orada xəyalından keçən istənilən normal, ekzotik situasiyada olmaq olar. Amma əslində elmin belə, sərbəst inkişafı da ortaya problemlər çıxarər. Burada müəyyən bir ölcüyə, meyarlara ehtiyac vardır. İnsanlığa, tərəqqiyə xidmət olan belə meyarlar, prinsiplər olmasa elmin indiki inkişaf tempi bəşəriyyəti sonuna gətirə bilər. Bir baxın, indi artıq müharibələrdə iştirak edə biləcək robot əsgərlər istehsal etməyə başlayıblar. Bir anlığa fikrinizə gətirin ki, bu əsgərlər döyüş zamanı özləri də qərar qəbul edirlər. Yaxud bu tipli robotlar haradasa üsyan edirlər. Təsəvvürünüzə gətirirsinizmi o zaman yer üzündə nələr baş verər? Ona görə də, indi elmin belə sürətli inkişafı ilə yanaşı, yeni tənzimləyici ideyalara da ehtiyac var.
– Yəqin elə buna görə də indi Qərb alimləri də hiss etməyə başlayıblar ki, bu məsələlərdə Şərq fəlsəfəsinin müddəalarından istifadə etməyə ehtiyac var?
– Təbii, bu ehtiyac get-gedə daha aydın duyulmaqdadır.
– Eyni zamanda dini kitabların fəlsəfi potensialından istifadə etmək də faydalı olardı.
– Bəli, mən bəzən bu barədə danışanda ölkəmizdəki bəzi insanların da reaksiyası təəcüblü olur. Dini kitablara dərindən diqqət yetirsək, bu kitablardakı kəlamların arxasında olan mənaları dərk etməyə çalışsaq o zaman görərik ki, dini kitablardakı, ciddi elm adamlarının təsəvvürlərindəki allahla, mollaların, cahil adamların bizə təqdim etdiyi, ateistlərin nəzərdə tutduğu allah fərqli şeylərdir. Düşünürəm ki, sonsuz kainata nizam verən qüvvənin hikmətləri haqda məntiqi olaraq düşünmək də dünyəvi elmlərin inkişafında mühüm rol oynaya bilər.
– Məlum olduğu kimi, elm metodlardan istifadə, eyni zamanda sizin elmi əsərləriniz bir sıra ölkələrin böyük maddi gəlirlər əldə etməsinə kömək edir. Bəs biz öz ölkəmizdə bu potensialdan necə istifadə edə bilərik?
– Bütün ölkələrin təcrübəsi göstərir ki, ümumi daxili məhsuldan elmə ayırmalar iki faizdən azdırsa o elm o iqtisadiyyata lazımi şəkildə təsir edə bilmir. Bizdə indi bu ayırma hələ 0,4 faizdir. Bütün bəşəriyyəti həmişə düşdüyü dolanbaclardan elm çıxarıb. Bütün yer üzünü də indiki problemli vəziyyətdən yalnız elm çıxara bilər. Eləcə də bizim ölkəmizə də elm xeyli kömək edə bilər. Elmdən düzgün istifadə ilə biz xammaldan əldə etdiyimiz gəlirlərdən dəfələrlə çox gəlir əldə edə bilərik. Elmdən düzgün istifadə etdikdə əksər hallarda heç zəngin xammala ehtiyac da olmur. Buna misal olaraq Yaponiyanı, Cənubu Koreyanı, Sinqapuru, Malaziyanı və s. göstərmək olar. Belə ölkələrdə ölkənin əsas gəlir mənbəyi əhalinin intellektidir və elmdən düzgün istifadə etmək yollarıdır. Bu nə deməkdir? Misal üçün, Yaponiya öz imkanlarını nəzərə alaraq, diqqətini daha çox elmin özünün inkişafına yox, elmin əldə etdiyi nəticələrdən səmərəli istifadəyə yönəldib. Yəni onlar ikinci dünya müharibəsindən sonra, dedilər ki, biz bir başa diqqəti, imkanlarımızı elmin inkişafına yox, elmin əldə etdiyi nəticələrdən səmərəli istifadəyə verəcəyik. Fikir versək, dünyanın aparıcı universitetlərinin arasında cəmi iki –üç Yapon Universiteti görərik. Cünki, yaponlar əsas diqqəti elmin özünün inkişafına yox, elmin nəticələrindən istifadəyə yönəldiblər. Elmi inkişaf etdirən əsas ölkələr Amerika, Kanada və Qərbi Avropa ölkələridir. Onlar da elmin inkişafı hesabına böyük gəlirlər əldə edirlər. Yaponlar isə, yeni texnologiyaları qərbden götürüb inkişaf etdirdilər. Keyfiyyətə daha çox diqqət verdilər. Ona görə də qərb texnologiyası əsasında hazırlanan Yapon texnikası daha keyfiyyətli oldu. Bu isə öz növbəsində Yapon iqtisadiyyatına külli miqdarda pul gətirdi. İndi Amerkada bir çox insanlar, mənim yaxın dostlarım belə Yapon avtomobillərindən istifadə edirlər. Evlərdə, məişətdə yapon texnoikasından istifadə edirlər. Çin də bu yola üstünlük verir. Cənubi Koreya, Sinqapur, Malaziya kimi ölkələr də bu yolla getdilər. İndi ona görə də Sinqapurda bir adamın orta əmək haqqı illik 50-60 min dollardır. Azərbaycanın da bu sahədə uğur qazanmağa çox böyük potensialı var.
– Sizcə, Azərbaycanda elmimizi arzu olunan səviyyədə inkişaf etdirmək, ondan hər tərəfli bəhrələnmək üçün hansı işlər görülməlidir?
– Bunun üçün ilk növbədə elmi siyasiləşdirməkdən qurtarmaq lazımdır. Bu sahədə hər bir adddım ədalət naminə atılmalıdır. Elm sahəsinin öz xüsusiyyətləri var. Başqa sahələrdəki inzibatçılıq metodlarını elmi sistemə gətirmək düz olmaz. Həqiqi, ciddi alimin, ciddi elmi araşdırmalara diqqət artırılmalı, onlar lazımi səviyyədə stimullaşmalıdır. Hər bir alimi öz yerində görmək lazımdır. Hər bir alim öz qabiliyyətinə, təyinatına uyğun mövqedə olmalıdır. Rəhmətlik şair Qabil gözəl deyib : “müsibət oluruq biz, səhv düşəndə yerimiz!” İdarəetmənin bütün sahələrində elmi təminata xüsusi fikir verilməlidir. Belə olduqda həqiqi elmi araşdırmalara sifarişlər də çoxalacaq. Elmə elə adamlar gəlməlidir ki, onlar elmi araşdırmadan, elmi işçi olmaqdan zövq alsınlar, onların ən çox üstünlük verdiyi dəyər ciddi elmi işçi olmaq olsun. Pulagir, fikri pul yanında qalanların əksəriyyəti ciddi elmi işçi ola bilməz. Çünki elmdə əsas motivasiya pul deyil. Elmi nəticədən alınan zövqdür. Elmlə ciddi məşğul olan adan təkcə özü üçün yaşamır, fəaliyyət göstərmir. Xalqı üçün, bəşəriyyət üçün çalışır. Ona görə də bu sahədə önəmli nəticələri olanı xalq, tarix uzun illər boyu yad edir. Amma ən böyük sərvət sahibi bəzən ölməmişdən belə unudulur, mülkü üstündə dava düşür.
– Indi əlinizdə hansı işləriniz var?
– Görə biləcəyim işlərim, üstümə götürdüyüm işlərdən dəfələrlə azdır… Elm elə bir sahədir ki, burada dərin aludəçilik var. Girdinsə, çıxa bilməyəcəksən. Martın axırına kimi dünyanın ən mötəbər nəşriyyatlarından olan “World Scientific”nəşriyyatına 400 səhifəlik bir yeni kitab təhvil verməliyəm. Kitab qeyri muəyyənliklər hesabı və qərar qəbul etmə məsələsinə həsr olunub. Amma ilk dəfədir ki, kitabı hazırlamaqda bir az gecikirəm. Bunun da öz səbəbi oldu. Mən heç zaman kitablarımı nəşriyyata təhvil verməyə zaman etibarı ilə gecikməmişəm. Gecikmənin səbəbi budur ki, Lütfi Zadə mənə bu arada, dörd ay bundan qabaq təklif etdi ki, Rafiq, gəl tarix üçün, qeyri səlis məntiq nəzəriyyəsi və onun tətbiqinə həsr olunmuş bir kitab yazaq. O kitab bizden sonra qalsın. Beş yüz səhifəlik bir kitabdır. Bu kitab iki hissə olacaq. Birinci hissədə qeyri səlis məntiq nəzəriyyəsi, onun tədbiqi ilə bağlı yazılar olacaq. Bu hissəni ikimiz yazırıq. Ikinci hissə düz əlli ildə bu sahədə hansı ciddi işlər olubsa onların müəllifləri yazacaqlar. Lütfi Zadə istəyir ki, bu kitabı tez yazıb qurtaraq. Ona görə də mənim mart ayının axırında təhvil verəcəyim kitabla bağlı vaxt qıtlığım var. İndi məndən eyni zamanda bir neçə çox nüfuzlu jurnal, məsələn Ekonometrika jurnalı məqalə gözləyir. Berkli, Kipr Universitetləri ilə kontraktlarım var. Eyni zamanda onlar üzərində işləyirəm. Bakıda yeni bir laborotoriya – “İntellektual sistemlər laborotoriyası” yaradırıq. Üstə gəl dərslər.
– Maşallah, bu yaşda bu qədər işin öhdəsindən gəlirsiniz. Allah kömək olsun!
– Sağ olun.
Əhməd Qəşəmoğlu